Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir.

Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su şəbəkələri qurularaq istifadəyə verilir. 

NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, Zeyvə və Düdəngə kəndlərinin içməli su şəbəkəsinin tikintisinə “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2019-cu ilin fevral ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə ötürülür. Layihəyə uyğun olaraq ərazidə müxtəlif diametrli borularla 64 kilometr içməli su xətti çəkilib. Hər iki kənddə 1100 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb, su şəbəkəsi üzərində 5 yanğın hidrantı, həmçinin qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 68 siyirtmə və 4 suboşaldıcı qoyulub. Bununla da Zeyvə və Düdəngə kəndlərinin sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunublar.

Sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su sistemləri qurularaq istifadəyə verilir. Çünki su təmizlikdir, sağlamlıqdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika əhalisinin 50 faizə yaxını tam standartlara uyğun içməli su ilə təmin olunur. Görülən işlərin tərkib hissəsi kimi Şərur rayonunda da içməli su sistemləri yenidən qurulur. Ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev tərəfindən Arpaçay su anbarının tikilməsi bu gün Şərur rayonunun həm suvarma, həm də içməli su təminatının ödənilməsində mühüm rol oynayır. 

Ali Məclisin Sədri Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: Yaşayış məntəqələrində müasir içməli su sistemlərinin qurulması ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Artıq Şərur şəhəri də daxil olmaqla muxtar respublikanın rayon mərkəzləri, eləcə də Naxçıvan şəhəri içməli su və kanalizasiya sistemləri ilə təmin olunmuşdur. Bununla yanaşı, şəhər və rayon mərkəzlərinə yaxın kəndlərdə də içməli su sistemləri qurulur. Şərur şəhərinə yaxın ərazidə yerləşdikləri üçün Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulmuşdur.

Ali Məclisin Sədri deyib: Su hər bir evə lazımdır. Çünki dayanıqlı və keyfiyyətli su təminatı insanların rahatlığına xidmət edir. Əvvəllər Zeyvə və Düdəngə kəndlərində içməli su təminatı tam ödənilmirdi. Lakin bu gün hər iki kənddə yaşayan 7300 nəfər əhali evlərində tam standartlara uyğun içməli su ilə təmin olunur. Tarixən insanlar suyun olduğu ərazilərdə məskunlaşıblar. Bu mənada içməli su təminatının yaxşılaşdırılması kəndlərdə məskunlaşmanın da artmasına səbəb olacaqdır. Gələcəkdə kəndlərdə tikiləcək yeni evlər də içməli su ilə təmin olunacaqdır. Bütün bunlar dövlətin vətəndaşlarına göstərdiyi qayğının və verdiyi dəyərin daha bir ifadəsidir.

Zeyvə kənd ağsaqqalı Məhərrəm Rəhimov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Sizin bu kəndə hər gəlişiniz sakinlər üçün yeni bir bayramdır. Bir neçə il bundan əvvəl Zeyvə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilib. Qaz və elektrik xətləri yenilənib, geniş asfalt yol salınıb. Hər səhər evdən çıxanda bu gözəl mənzərələrlə qarşılaşmaq adama zövq verir. Bu gözəlliyi görməmək günah olar. Bizim kənd sakinlərinin ancaq bir problemi var idi. Bu da içməli suyun olmaması idi. 70 illik Sovetlər Birliyi dövründə bu kəndlərə su çəkilmədi. İnsanlar gündəlik su tələbatlarını ödəmək üçün çox vaxt sərf edirdilər. Lakin Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi xoş halımıza ki, kəndimiz 24 saat ərzində davamlı və keyfiyyətli içməli su ilə təmin olunub. Göstərdiyiniz diqqət və qayğıya, yaratdığınız şəraitə görə ziyalı bir kənd ağsaqqalı kimi sakinlər adından minnətdarlığımızı bildiririk”.

Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb, muxtar respublikanın yaşayış məntəqələrində içməli su sistemlərinin qurulması sahəsində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirib, Şərur rayonunun Cəlilkəndində də yeni içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

View the embedded image gallery online at:
http://www.naxcivantv.az/index.php/ri/21727-%C5%9F%C9%99rur-rayonunun-zeyv%C9%99-v%C9%99-d%C3%BCd%C9%99ng%C9%99-k%C9%99ndl%C9%99rind%C9%99-yeni-i%C3%A7m%C9%99li-su-sistemi-qurulub.html?tmpl=component&print=1&layout=default&page=#sigProId002da8b4cd

www.naxcivantv.az