Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si “Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkə­mizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmişdir. Fəaliyyətə başladığı 2005-ci ildən bu günə qədər “Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikanın yaşayış məntəqələrini mavi yanacaqla tam təmin edir. İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir-bərpa işləri aparılır, istismara yararsız orta və aşağıtəzyiqli daşıyıcı, paylayıcı və ötürücü qaz kəmərləri yeniləri ilə əvəz olunur. Görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 87 min 430 təbii qaz istehlakçısı olmuşdur ki, bunlardan 85 min 189-u əhali abonenti, 2241-i isə qeyri-əhali abonentlərdir.

Muxtar respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27 kilometr uzunluğunda Naxçıvan-Şahbuz orta­təzyiqli qaz xətti istifadəyə verilmişdir. Bundan başqa, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri izolyasiyalı borularla yenidən çəkilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.
“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən təbii qaz təchizatının yaxşı­laşdırılması və etibarlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan birliyin kollektivi qarşıda duran vəzifələri uğurla yerinə yetirir. Muxtar respublikada həyata keçirilən geniş­miqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar olaraq müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur. Birliyin şəhər, rayon qaz istismarı idarələrinin qəza dispetçer xidmətləri istehlakçılardan daxil olmuş çağırışlara uyğun vaxtında tədbirlər görür, qəzaların qarşısı alınır, mavi yanacağın fasiləsiz nəqli təmin edilir.
Birlik tərəfindən təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılmış və sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülmüşdür. Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə həyata keçirilmiş, cari təmir işləri görülmüş, nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin maşın-mexanizmlər, qaynaq və digər avadanlıqların texniki vəziyyəti yoxlanılmış, çətin şəraitdə etibarlı istismar üçün hazır vəziyyətə gətirilmişdir. Mütəmadi olaraq yeraltı xətlərdə korroziyaya uğrayan hissələr yeni borularla əvəz olunmuş, yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına nəzarət olunmuş, xətlərdəki potensial fərqi ölçü­lərək nəzarətdə saxlanılmışdır.
Muxtar respublikada qaz təsərrüfatında infrastrukturun təkmilləşdirilməsi məsələləri də daim diqqət mərkəzindədir. Bu tədbirlər çərçivəsində aşağıtəzyiqli qazdan istifadə edən istehlak obyektlərində smartkarttipli elektron qaz sayğaclarının quraşdırılmasına başlanılmışdır. Bu günə qədər Naxçıvan şəhərində 15 min 231 ədəd smartkarttipli elektron qaz sayğacı quraşdırılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq muxtar respublikada təbii qaz istehlakçıları tərəfindən istifadə olunan və qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının yoxlanma və kalibr edilməsi laboratoriyası qurulmuşdur.
Kadr potensialının artırılması, qaz istismar sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi vacib məsələdir. 2016-cı ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursu fəaliyyətə başlamışdır. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə şəhər, rayon qaz istismarı idarələrinin işçiləri müntəzəm qaydada kurslara cəlb olunmuşdur. Kursu bitirən müdavimlərə müvafiq qaydada sertifikatlar təqdim edilir.
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Belə ki, muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və ekosistemin zənginləşdirilməsində əhəmiyyətli rola malikdir.
Muxtar respublikanın qaz təsərrüfatında idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması, qazın nəqli və paylanmasında operativliyin təmin edilməsi, istismar və texniki təhlükəsizliyə nəzarətin gücləndirilməsi istehlakçıların təbii qazla etibarlı təminatına şərait yaratmışdır. Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır.
Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin ­təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.

www.naxcivantv.az