Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, səfər proqramının ilk günündə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Qonaqlar ümummilli liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallara, şəxsi əşyalara,  o cümlədən qiymətli sənətkarlıq nümunələrinə maraqla baxıblar.

Qonaqlar Şahtaxtı və Sədərək sərhəd keçid məntəqələrinin iş prinsipi və fəaliyyəti ilə də tanış olublar. İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə sərhəd keçid məntəqələrində qurulan X-Ray tipli rentgen nəzarət-qurğularının və gömrük anbarlarının fəaliyyəti ilə yaxından maraqlanan gömrük xidməti nümayəndələri muxtar respublikada müasir gömrük infrastrukturun formalaşdırılmasının onlarda yüksək təəsürat oyatdığını bildiriblər. Sədərək Gömrük İdarəsi üçün yeni qurulan müasir gömrük kompleksinin layihəsi və bu istiqamətdə görülən tikinti-quruculuq işləri ilə də tanış olan qonaqlar indi dünyada belə nəhəng və müasir gömrük məntəqələrinin az olduğunu vurğulayıblar.

Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı məlumat verilib ki, müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.

Qonaqlar Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Açıq səma altında nümayiş etdirilən və müxtəlif dövrlərə aid olan 450 maddi-mədəniyyət nümunəsi – daşdan yonulmuş qoç heykəllər, daş kitabələr, daş fiqurlar, qəbirüstü sənduqələr qonaqlarda böyük maraq oyadıb.

GUAM ölkələrinin gömrük xidməti nümayəndələrinə Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur.

Qonaqlar həmçinin Batabat turizm zonasına gələrək muxtar respublikanın təbii turizm imkanları ilə tanış olublar.

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan gömrük xidməti nümayəndələri 1, 2 iyun tarixlərində keçiriləcək GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvana gəliblər.

View the embedded image gallery online at:
http://www.naxcivantv.az/index.php/news/3622-g%C3%BCrc%C3%BCstan,-ukrayna,-moldova-v%C9%99-az%C9%99rbaycan-g%C3%B6mr%C3%BCk-xidm%C9%99ti-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-nax%C3%A7%C4%B1vanda-i%C5%9Fg%C3%BCzar-s%C9%99f%C9%99rd%C9%99dil%C9%99r.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdc819da8fcd

www.naxcivantv.az