Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.

Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər.

Qida Təhlükəsizliyi Agentliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Havanın hərarəti bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır və bu da qidaların tez xarab olmasına səbəb olur. Yayda bəzi mövsümi meyvə-tərəvəz istifadə edərkən daha diqqətli olmaq məsləhətdir. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. Xüsusilə də istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları yemək olmaz. Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir.

Qida məhsullarının saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və digər orqanoleptik əlamətləri dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var. İstehlakçılar ön sırada yerləşdirilmiş, endirimdə olan qida məhsullarını alarkən xüsusilə diqqətli olmalıdırlar. Həmçinin məhsulların qablaşdırılması tam şəkildə olmalıdır. Gözəl görüntülü və rəngli rəsmlərlə bəzədilmiş qablaşdırmaya aldanmamaq lazımdır. Qablaşmanın üzərində məhsulun tərkibi haqqında informasiya verən mətni mütləq diqqətlə oxumaq vacibdir. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirilməlidir.

Süd zərərli və xəstəlik törədən bakteriyalarla çirkləndikdə ondan əldə edilmiş məhsullar da sağlamlığa təhlükə yarada bilər. Bu baxımdan pasterizə olunmamış (qaynadılmamış) süd və süd məhsullarından istifadə etmək məsləhət görülmür. Həmçinin süd və süd məhsullarının lazımi şəraitdə və temperaturda saxlanması da vacib şərtdir.

Konservləşdirilmiş məhsulları alarkən istehlakçılar diqqətli olmalıdır. Belə malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa və ya qapağı boşalmış vəziyyətdədirsə, bu, artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir. Meyvə-tərəvəzlə qidalanmadan əvvəl onu axar ilıq su ilə yaxşı yumaq lazımdır. Zəhərlənmə riski yaranmaması üçün ət, toyuq, balıq və süd kimi tez xarab olan məhsulların uyğun müddətdə və temperaturda bişirilməsi vacibdir. Qida ilə təmas edən səthlər, alət və avadanlıqlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmalıdır. Yeməklər günlük olaraq hazırlanmalıdır, bişirilən xörəkdən artıq qalanda onu bir dəfədən çox isitmək lazım deyil. Yeməyin metal və bəzi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb ola bilər. Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən mütləq şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Əllərin və qida ilə təmasda olan səthlərin təmizliyi şərtdir. Düzgün gigiyena, qida hazırlanması zamanı davranış və qidanın növünə müvafiq olaraq saxlanması, həmçinin istehlakı qida zəhərlənmələri riskini azaldır.

www.naxcivantv.az