Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bura Naxçıvandır-qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə...

Ədəbiyyatın, mədəniyyətin ilk addımlarına çıraq tutan, əsrlərin tufan sınağından keçib gələcəyə alnıaçıq, üzüağ çıxan məkan. Gəmiqaya, Əshabi-Kəhf, Möminə xatın, Duzdağ və sair kimi daha neçə sirli abidənin yerləşdiyi torpaq. Hər daşı, hər qarışı əfsanələşmiş diyar. Bu abidələr içərisində gəlinqayalar da var. Türk dünyasının bir çox ərazilərində mövcud olan gəlinqayalara zəngin təbiəti və ekzotik təbiət abidələri ilə diqqət çəkən Naxçıvanda da rast gəlirik.

Naxçıvandakı gəlinqayalara yol almazdan əvvəl onlar haqqında “Naxçıvan Ensiklopediyası”nda oxuduqlarımızı diqqətinizə çatdırırıq: Şahbuz rayonunun ərazisində yerləşən Gəlinqaya öz maraqlı görünüşü ilə göz oxşayır. Zəngəzur silsiləsinin cənub yamacında, Zərnətün çayının mənbəsindədir. Hündürlüyü 2876 metrdir. Andezit-dasit tərkibli subvulkanik çıxıntıdır. Bu Gəlinqaya ilə bağlı yaranan əfsanələrin tarixi eradan əvvəl III-II minilliyə aiddir və xalq arasındakı rəvayətə görə, özünü düşmənlərdən qorumağa çalışan bir qadının daşlaşmış heykəlidir Gəlinqaya. Abidə Azərbaycan xalqının daşadönmə ilə bağlı inanclarını əks etdirir.

Digər bir Gəlinqaya isə Şərur rayonunun Havuş kəndinin şimalında, Tamaşalı yaşayış yerinin yaxınlığında yerləşir. Hündürlüyü 2769 metrdir. Günbəzvarı maraqlı formaya malikdir. Abidəni VII-VIII əsrlərə aid edirlər.

Ordubad rayonunun Unus və Pəzməri kəndləri arasında yerləşən Gəlinqaya isə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları mifikləşdirən  xalqımız bu Gəlinqayanı da əfsanələşdirib.

Gəlinqaya əfsanələri…

Naxçıvan regionundan toplanmış əfsanələrdə rast gəldiyimiz əsas motivlərdən biri daşadönmə ilə bağlıdır. Daşadönmə insanların əski mifoloji dünyagörüşünün ifadəsidir. Əfsanələrin daşadönmə motivindəki maraqlı tərəflərdən biri insanların xilas üçün yön aldıqları tərəfin dağlar olmasıdır. Dağa pənah aparmaq, dağa sığınmaq və sair kimi hadisələr isə əski dağ kultunun izləridir.

Bu haqda “Naxçıvan əfsanələri” kitabında folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti İsmayıl yazır: “Məsum varlıqların – əsasən, qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz tutması və daşa çevrilməsidir. Hazırda Şahbuz rayonunda “Gəlindaş” deyilən bir yer var. Buranı ziyarət edən və onu saflıq mücəssəməsi kimi görən insanlar bu əxlaq kodeksini özünə də aşılamışdır”.

Şahbuzda yayılmış əfsanələrin birinə nəzər salaq. Qədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən birində gözəlliyi aləmə yayılan sərvboylu bir gəlin varmış. Əri düşmənlə vuruşmada həlak olubmuş. Gəlinin qumral gözləri, ilan kimi qıvrılan qoşa hörüyü cavanların canına od salarmış. Yaxından, uzaqdan gələn elçilər həmişə kor-peşman geri qayıdarmışlar. Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır. Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə dəyən Toğluqaya ilə Salvartı dağının arasından keçəndə əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman istəyir. Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında “Gəlin qayası” adıyla tanınır... Gəlin qayası ilə bağlı digər əfsanəni Şahbuz rayonunun Mahmudoba kənd sakini, 73 yaşlı Göycə Quliyeva söyləyib:

-İki gənc bir-birlərini Leyli-Məcnun kimi sevirmişlər. Onların yaşadığı obada bir zalım varlı varmış. Çalışır ki, oğlanın nişanlısını onun əlindən alsın. Bunu eşidən nişanlılar uzaq bir dağda, qayanın altında yurd-yuva salıb orda yaşamağa qərar verir, maldarlıqla məşğul olurlar. Varlı adam eşidir ki, cavanlar köçüblər. Tez oraya adamlarını göndərir, gedib qıza desinlər ki, filan bəy səni istəyir, gəl aparaq. Nə qədər var desən, pul desən onda. Qız kasıb da olsa, oğlana çox məhəbbətliydi. Odur ki, varlının ismarıcını rədd edir. Bir gün gəlin baxır ki, bəyin adamları yenə gəlirlər. Fikirləşir ki, onu aparacaqlar, əri də burada deyil. Qalxır həmin uca qayaya, deyir ki, özümü atıb ölərəm, yad əllərə düşmərəm. Elə o vaxtdan da bu qaya “Gəlin qayası” adlanır.

Naxçıvan əfsanələrində yayılan daşadönmə, daş motivi Azərbaycan nağıllarında, dastanlarında, inanclarda da geniş şəkildə əks olunub. Sivilizasiyaların təməlində folklor durur. Çünki folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa olan hörməti, onu mühafizə edib, gələcək nəsillərə ötürmə bacarığı ilə ölçülür. Bu səbəbdən hər bir şəxs öz folklorunu qorumalıdır, ona sahib çıxmalıdır. Bu isə millətin gələcəyi üçün son dərəcə vacib məsələdir.

 

Nərgiz İsmayılova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru

www.naxcivantv.az