Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan inciləri: Kazım Qarabəkir Paşa Məscidi - FOTOLAR

Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır. Naxcivantv.az “Naxçıvan inciləri” rubrikasında  qədim diyarın milli-mədəni inciləri olan tarix və mədəniyyət abidələrini öz oxucularına təqdim  edir.

 Bu dəfə Naxçıvan şəhərində yerləşən dini-mədəni abidələrdən biri olan Kazım Qarabəkir Paşa Məscidi haqqında danışacağıq.

Məşhur türk sərkərdəsi və siyasi xadimi Kazım Qarabəkir Paşanın adını daşıyan bu məscidin tikintisinə 1995-ci ildə başlanılıb və 1997-ci ildə məscidin qapıları insanların üzünə açılıb. Məscidin daxilində min nəfərədək insanın ibadət etməsi üçün hər bir şərait mövcuddur.

1999-cu ildə rəsmi açılış mərasimi keçirilən məsçid ümummilli liderimiz Heydər Əliyev və görkəmli sərkərdənin qızı Timsal Qarabəkirin iştirakı ilə istifadəyə verilib. Qoşaminarəli məscid binası özünəməxsus quruluşu, orijinal memarlıq ornamentləri ilə seçilir. Pəncərələr rəngli şüşələrlə vitraj işlənib, daxili divarlar xüsusi naxışlarla bəzədilib. Salonun içərisində gümbəzdən çilçıraq asılıb.

Məscidin axundu Allahverdi Quliyev bildirir ki, məscid istifadəyə verildiyi gündən muxtar respublikamızda dini dəyərlərin yaşadıldığı bir ünvana çevrilib. Burada insanların ibadətləri ilə bərabər yas mərasimlərinin keçirilməsi üçün də hər bir şəraitin mövcud olması məscidin əhəmiyyətini daha da artırır.

Şəhərimizin gözəl guşələrindən birində ucaldılan bu məscid həm də türk dünyasının şanlı tarixini özündə əbədiləşdirib. Türk dünyasının böyük liderlərindən olan Mustafa Kamal Atatürkün yaxın silahdaşı, görkəmli sərkərdə Kazım Qarabəkir 1918-1920-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisinin erməni silahlılarının təcavüzündən müdafiə edilməsində böyük xidmətlər göstərib. Elə onun adını daşıyan məscidin sağ divarında Türkiyə türkcəsi və Azərbaycan dilində Kazım Qarabəkir paşa haqqında məlumatlar da öz əksini tapıb.

Ümumiyyətlə, muxtar respublikamızda dini-mədəni abidələrin qorunması və bərpası istiqamətində görülən işlər 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilən diyarımızda dini ənənələrə verilən dəyərin nəticəsidir.

Yaqub İsayev
NTVxəbər 

www.naxcivantv.az